Bakı şəhərinin rayon komitəsi sədrləri ilə onlayn seminar keçirilib
Sentyabrın 2-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Bakı şəhərinin rayon komitəsi sədrləri ilə onlayn seminar keçirilib. Tədbirdə çıxış edən ATİAHİ Respublika Komitəsinin sədri Mirzə Cəfərzadə bildirib ki, Respublika Komitəsi tərəfindən vaxtaşırı olaraq onlayn seminarlar, konfranslar təşkil olunur. Yeni dərs ilinin başlanması ilə bağlı nəzərdə tutulan tədbirlərdən danışan M.Cəfərzadə qeyd edib ki, ilk təşkilat sədrləri məktəblərdə dərs bölgüsündə yaxından iştirak etməlidir. Həmçinin müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı yeni işə qəbul edilmiş təhsil işçilərinin həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi ilə bağlı iş aparılmalıdır: “Yeni işə qəbul edilmiş təhsil işçiləri ilə görüşlər keçirilərək onlara həmkarlar ittifaqı üzvlüyünə qəbul edilməyin üstünlükləri izah edilməlidir. Həmçinin ittifaqa qəbul edilmə zamanı təlimata uyğun olaraq sənədləşmə işləri qaydasında aparılmalıdır”. Bakı şəhərində yerləşən peşə təhsili müəssisələrinin birləşdirilməsi ilə bağlı məlumat verən M.Cəfərzadə bildirib ki, birləşdirilmə prosesi başa çatmış peşə təhsili müəssisələrində yeni təşkilatlar təsis edilməli, təşkilatlar yenidən formalaşdırılmalıdır.
3.jpg 157.5 KB

Sonra tədbirdə ATİAHİ Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri Emil Rüstəmov danışaraq qeyd edib ki, 2022-ci ildə ATİAHİ-nin üzv təşkilatlarında hesabat-seçki konfranslarının keçirilməsi nəzərdə tutulmuşdur. E.Rüstəmov bildirib ki, rayon komitələri hesabat-seçki konfranslarına ciddi sürətdə hazırlaşmalı, seçkilər demokratik prinsiplər əsasında keçirilməlidir: “Seçkilər vaxtı layiqli namizədlərin seçilməsinə şərait yaradılmalı və müəssisə rəhbərlərinin seçkilərə müdaxiləsinə yol verilməməlidir. Rayon komitəsi sədrləri çalışmalıdır ki, layiq olan və kollektiv içində nüfuza malik insanlar ilk təşkilatlarda sədr seçilsinlər. Nəzərə almaq lazımdır ki, həmkarlar ittifaqlarının gücü ilk təşkilatlardadır”. 
Tədbirdə çıxış edən Respublika Komitəsinin katibi, Əmək haqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov ATİAHİ Respublika Komitəsi ilə Təhsil Nazirliyi arasında bağlanmış “2021-2023-cü illər üçün Kollektiv Saziş”də öz əksini tapan müddəalardan bəhs edərək bildirib ki, 2021-ci ilin 20 sentyabrına qədər Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə Bakının rayon komitələri arasında kollektiv müqavilə bağlanmalıdır. Təhsil İdarəsi ilə bu barədə müzakirələrin aparıldığını qeyd edən Z.Məmmədov vurğulayıb ki, Kollektiv Müqavilə bağlanarkən Kollektiv Sazişdə öz əksini tapan müddəalara istinad edilib. 
Sonra tədbirdə Respublika Komitəsinin katibi, maliyyə şöbəsinin müdiri Mübariz Eyvazov çıxış edərək öz tövsiyələrini çatdırıb. 
Tədbirin sonunda rayon və şəhər komitəsi sədrləri çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirmiş, müzakirələr aparılmışdır.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo